Hökümə Qurbanova - 100

 

Azərbaycan teatr kino sənətinin psixoloji, tarixi-dramatik səpkili obrazlar yaradıcısı

 

Bu gün -11 iyun tarixində böyük səhnə ustası, Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, xalq artisti, Dövlət mükafatı laureatı Hökümə Qurbanovanın 100 yaşı tamam olur. Romantik aktyor məktəbinin poetika göstəricilərini lirik-psixoloji aktyor məktəbinin ifadə vasitələri ilə qovuşduran, onları harmonik ayrılmazlıqda, bir estetik prinsiplərdə təqdim edən ilk aktrisa Hökümə Qurbanova neçə-neçə obrazı ilə sənət tariximizə silinməz izlər salıb.

Bakı Pedaqoji Texnikumunu bitirən Hökümə Qurbanova 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olaraq iki il fortepiano sinifində təhsil alıb. Hökümə Qurbanova konservatoriyada təhsil alarkən dramaturq və teatr xadimi Cəfər Cabbarlının ciddi təşəbbüsü ilə "Almaz" filmində Yaxşı roluna çəkilib. Ancaq film ekranlara ədibin ölümündən sonra, 1936-cı ildə buraxılıb.

Milli Dram Teatrının tamaşalarında əvvəllər ara-sıra çıxış edən Hökümə Qurbanova 1938-ci ildən ömrünün sonunadək bu kollektivin əvəzolunmaz aktrisası kimi şöhrətlənib. Hökümə xanımın xırda-para epizod rollarını nəzərə almasaq, o, 1940-cı illərdən əsas rolların ifaçısına çevrilib. Teatr tariximizdə Hökümə Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb. Tamaşaçı salonunun arxa sıralarında əyləşən sənətsevərlər də onun məşəl kimi yanan, alovlu və ağıllı gözlərindəki mənaları aydınca görür, duyur və dərk edirdilər. Aktrisa lazım gələndə səhnədə dəqiqələrlə mərmər abidə kimi "donub" qala bilirdi. Şekspirin "Qış nağılı"nda Hermiona rolundakı pauzaları baxış və hərəkətləri ilə ustalıqla doldururdu.

Ehtirası, fikirləri, məhəbbəti, həyat kredosu müxtəlif müstəvi kəsiklərində çarpazlaşan Kleopatra səpkili mürəkkəb faciə obrazlarının ən dramatik səhnələrində də aktrisa səslə daxili ehtirasını paralel işlətməkdə, onları obrazın mürəkkəb, psixoloji və ziddiyyətli mənəvi aləminin açılmasma istiqamətləndirməkdə mahir ustad idi. Psixoloji rollarda obrazın ovqatını tamamlamaq üçün səsləndirilən musiqinin ritm və ahəngini, təranə düzümünü Hökümə xanım səsinin cingiltili, titrəyişli musiqisi ilə eyni kökdə, not dəqiqliyi ilə qurmağı bacıb.

Komediya rollarında Bənovşə, Xanuma... kimi obrazları ilə səhnəyə çıxan Hökümə Qurbanovanın məlahətli yumoru, sərrast və dürüst istiqamətli satirası sanki səhnəyə sığmırdı, vəziyyətin ovqatı bütün salona sirayət edirdi. Onun yumorlu ifası əsərin məhvərinə çevrilir, tamaşadakı bütün personajları öz gülüşünün oxu ətrafında fırlanmaq cazibəsinə salırdı. Mənalı, zərif və cazibəli plastikası vardı. Hərəkətlərini personajın ictimai-sosial mənsubiyyətinə, mənəvi-əxlaqi xüsusiyyətlərinə, hadisələrin psixoloji dramatizminə ahəngdar həssaslıqla bağlayıb əlaqələndirirdi.

Hökümə Qurbanovanın çöhrəsində Cakondanın sirli təbəssümü vardı. Aktrisa o təbəssümün sehrindən və hüsnündən dramatik rollarda məharətlə istifadə edirdi. Onun dramatik rollarının qəhrəmanlarının həyat amalları insanpərvərliklə, xeyirxah əməllərlə yoğrulub. Janr-üslub və oyun-forma baxımından Hökümə Qurbanovanın yaradıcılığı belə səciyyələnir. Romantik faciə rollarının ifaçısı kimi Hökumə xanımın Hüseyn Cavidin "Şeyx Sənan" (Xumar), "Səyavuş" (Südabə), Vilyam Şekspirin "Antoni və Kleopatra" (Kleopatra), "Qış nağılı" (Hermiona), Fridrix Şillerin "Orlean qızı" (Janna d'Ark), Səməd Vurğunun "Fərhad və Şirin" (Şirin və Məryəm), Cəfər Cabbarlının "Od gəlini" (Solmaz) faciələrində mürəkkəb obrazlar yaradıb. Süleyman Sani Axundovun "Eşq və intiqam"ında Zöhrə, Səməd Vurğunun "İnsan"ında Səhər, Qeybulla Rəsulovun "Qarabağ əfsanəsi"ndə Günəş, Anatoli Boryanovun "O tayda"sında Valentina Nikolayevna rollarının ifası realist faciə janrında köklənib. Romantik-dramatik rollar bölümünə Gülbahar ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov), Xuraman ("Vaqif", Səməd Vurğun), Afaq ("Nizami", Mehdi Hüseyn), Oliviya ("On ikinci gecə", Vilyam Şekspir), Cenevrə ("Dərin köklər", Ceyms Qou və Arno D'Nyusso) və digər  obrazlarının ifası daxildir.

Psixoloji-dramatik, tarixi-dramatik səpkili rolları ilə səhnəmizin əvəzsiz ifaçısına çevrilib. Aktrisa "Azərbaycanfilm"in istehsal etdiyi "Bir ailə" filmində Leyla, "Onu bağışlamaq olarımı?", "Mən rəqs edəcəyəm" kinolentlərində Laçın, Mahmudun anası, "İnsan məskən salır"da Ana rollarına çəkilib. Bütün obrazları ilə Azərbaycan kino və teatr sənətinin təkrarsız ifaçısı tək yaddaşlarda dərin izini salıb.

 

ZÜMRÜD

 

 Səs.- 2013.- 11 iyun.- S.12.